
Nəzərə almaq lazımdır ki, Fərdi Mühafizə Vasitələri üzrə 89/686/EEC saylı Təlimata əsasən, respiratorlar III Kateqoriyalı (həyat təhlükəsi hallarında istifadə olunan) qoruyucu vasitələr sinfinə aiddir. Respiratorların seçimi zamanı Risklərin Qiymətləndirilməsi işi olduqca dəqiq aparılmalıdır. Bu zaman diqqət yetiriləcək əsas parametrlər bunlardır:
OEL (Occupational Exposure Limit) - Yol verilən konsentrasiya limiti (hər hansı zərərli maddənin iş yerindəki havada konsentrasiyasının yol verilən ən yuxarı limiti);
TWA (8 hour Time Weighted Average) - 8 saat period üçün konsentrasiyanın orta qiyməti (8 saatlıq iş günü və ya 40 saatlıq iş həftəsi boyunca insan orqanizminin məruz qaldığı zərərli maddənin bu müddət ərzində olmuş konsentrasiyalarının orta qiyməti. Əsasən ppm (milyonda bir hissə) vahidi ilə ifadə olunur);
STEL (Short-Term Exposure Limit) – ixtiyari 15 dəqiqəlik müddət ərzində konsentrasiyanın orta qiymətinin yol verilən ən yuxarı limiti. Bir sıra hallarda 8 saatlıq iş günü üçün konsentrasiyanın orta qiymətinin yol verilən həddən aşağı olmasına baxmayaraq, hər hansı qısa vaxt üçün orta qiymət yol verilən limitdən yuxarı ola bilər. Bu səbəbdən də zərərli maddələrin insan orqanizminə etdiyi mənfi təsirini tam nəzarətdə saxlamaq üçün iş günü ərzində bir neçə dəfə müxtəlif 15 dəqiqəlik periodlarda konsentrasiyanın orta qiymətinin hesablanması və onun yol verilən limitlə müqayisəsi vacibdir.